Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Ayətullah Əlirza Ərafi Məhkəmə Hakimiyyətinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə sədr müavini doktor Məhdi Əmiri İsfəhani ilə görüşündə həzrət Siddiqeyi-Tahirənin (s.ə) şəhadət günləri münasibətilə başsağlığı verib, həmçinin Məhkəmə Hakimiyyətinin müxtəlif bölmələrinin həyata keçirdiyi tədbirlər barədə təqdim olunan hesabatlara görə təşəkkürünü bildirib.
O, elmi hövzəni tələbkar və hesabatlı bir qurum kimi səciyyələndirərək qeyd edib ki, elmi hövzə ilə Məhkəmə Hakimiyyəti arasında təlim, hakimlərin hazırlanması, elmi araşdırmalar, təbliğat, eləcə də müasir məhkəmə idarəçiliyinin elmi və fiqhi əsaslarla təmin edilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi mümkündür. Bu istiqamətdə Elmi Hövzələrin Müasir Fiqh Ofisinin imkanlarından da istifadə edilə bilər.
Məscidlərin mərkəz olduğu məhəlləəsaslı layihənin imkanlarından istifadə edilməsinə vurğu
Ölkə üzrə elmi hövzələrin rektoru məscidlərin mərkəz olduğu məhəlləəsaslı layihəni sosial problemlərin azaldılması və cinayətlərin qarşısının alınması istiqamətində mühüm imkanlardan biri hesab edərək əlavə edib ki, Məhkəmə Hakimiyyəti bu məqsədlə Milli Məscid Qərargahı və müvafiq katibliklə əlaqələr qura bilər.
Qəyyumlar Şurasının üzvü Ayətullah Ərafi çıxışının davamında Yeddinci İnkişaf Proqramının qabaqlayıcı yanaşmanın gücləndirilməsi baxımından münasib imkanlar yaratdığını da vurğulayıb. O bildirib ki, bu imkanlar düzgün müəyyənləşdirilməli və sosial məsələlər, eləcə də cinayətlərin qarşısının alınması sahəsində səmərəli şəkildə tətbiq edilməlidir.
Məhkəmə idarəçiliyinin yeni konsepsiyasının formalaşdırılması, terminologiya və yeni idarəçilik perspektivinin yaradılmasının zəruriliyi
Ayətullah Ərafinin Məhkəmə Hakimiyyətinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə sədr müavininə verdiyi digər tövsiyələrdən biri də məhkəmə idarəçiliyinin yeni konsepsiyasının formalaşdırılması, bu sahədə yeni terminologiya və ədəbi-elmi yanaşmanın yaradılması, eləcə də yeni idarəçilik perspektivinin açılması olub. O, bu barədə bildirib ki, belə bir fəaliyyət elmi və fiqhi əsaslara söykənən dəstək tələb edir və elmi hövzə həmin konsepsiya və əsasların hazırlanmasına kömək göstərə bilər.
Ölkə üzrə elmi hövzələrin rektoru, həmçinin məhkəmə sahəsində ixtisaslaşmış təlimlərin genişləndirilməsini, müasir fiqh və süni intellekt fiqhi sahəsində mövcud imkanlardan istifadə olunmasını zəruri hesab edib. O, bu məqamı da xatırladıb ki, Məhkəmə Hakimiyyəti sosial qurumlarla zəncirvari və sistemli şəkildə qarşılıqlı əlaqə qurmalıdır.
10 strateji tövsiyə və mühüm məqam
Ayətullah Ərafi çıxışının davamında məhkəmə idarəçiliyinin gücləndirilməsi və təkmilləşdirilməsi, cinayətlərin qarşısının alınması, sosial problemlərin azaldılması, eləcə də elmi hövzə ilə Məhkəmə Hakimiyyəti arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində 10 tövsiyə və strateji məqamı diqqətə çatdırıb:
1\. Tədqiqat və araşdırmaların əhəmiyyəti
* Bütün layihələndirmə və tədbirlər fundamental və tətbiqi tədqiqatlara əsaslanmalıdır.
* İctimai rəyin öyrənilməsi və sosial məlumatların dəqiq təhlili böyük əhəmiyyət daşıyır.
* Hədislərdəki ifadəyə əsasən, bəsirət və araşdırma olmadan qərar qəbul etmək yanlış istiqamətdə hərəkət etməyə bənzəyir.
2\. Sosial problemlərin səbəb və köklərinin müəyyənləşdirilməsi
* Sosial problemlərin həlli üçün onların həqiqi səbəbləri və prioritetləri müəyyənləşdirilməlidir.
* Elmi elitanın mühacirəti ilə bağlı aparılan araşdırmalara əsasən, bunun əsas səbəbləri əhəmiyyətlilik dərəcəsinə görə aşağıdakı ardıcıllıqla sıralanır: İctimai mövqe və nüfuz, yaşayış və maddi təminat, mədəni məsələlər və nəhayət, siyasi məsələlər.
* Problemlərin həqiqi səbəblərinin müəyyənləşdirilməsi həmin hadisələrə yanaşma və qarşılıqlı münasibət formasını dəyişir.
3\. Texnologiyadan istifadə
* Yeni texnologiyalar həm təhdid, həm də fürsət hesab olunur.
* Texnoloji təhdidlərin qabaqlayıcı tədbirlər üçün imkanlara çevrilməsi zəruridir.
4\. Sosial qurumlarla sistemli qarşılıqlı əməkdaşlıq
* Məhkəmə Hakimiyyəti sosial qurumlarla zəncirvari və sistemli şəkildə qarşılıqlı əməkdaşlıq qurmalıdır.
* Əsas qurumlara aşağıdakılar daxildir: Elmi hövzə və ruhanilər, universitetlər, təhsil və tərbiyə müəssisələri, media və virtual məkan, ailə.
* Elmi jövzə həm tələbkar, həm də hesabatlı olmalıdır.
* Hövzə alimləri, təbliğatçılar və təbliğat fəaliyyəti ilə məşğul olan şəxslərdən ibarət geniş şəbəkənin məlumatlandırılması zəruridir.
* Əmin layihəsi, Əmin məktəbləri və təbliğat şəbəkələri kimi imkanlara diqqət yetirilməlidir.
5\. Məhkəmə Hakimiyyətinin insan resurslarına diqqət yetirilməsi
* İctimai məsələlərin dərk edilməsi səviyyəsi, qabaqlayıcı yanaşma və ədliyyə idarələrinin rəhbərləri ilə prokurorların şəxsi keyfiyyətləri olduqca mühüm təsirə malikdir.
* Məhkəmə Hakimiyyətinin sosial məsələlər üzrə müavinliyinin formalaşdırdığı yanaşma və baxışlar bu qurumun insan resursları sistemində kök salmalıdır. Bunun üçün hərtərəfli proqramın hazırlanması, təlimlərin keçirilməsi, müvafiq yanaşmanın formalaşdırılması və təşkilati müqavimətlərin aradan qaldırılması istiqamətində səbirli fəaliyyət tələb olunur.
6\. Yeddinci İnkişaf Proqramının imkanlarından istifadə
\- Yeddinci İnkişaf Proqramı qabaqlayıcı yanaşmanın gücləndirilməsi üçün münasib imkanlar yaradır. Bu imkanlar düzgün müəyyənləşdirilməli və sosial məsələlər, eləcə də cinayətlərin qarşısının alınması sahəsində tətbiq edilməlidir.
7\. Məhəlləəsaslı və məscidəsaslı yanaşma
* Məscidlərin mərkəz olduğu məhəlləəsaslı layihə hökumət tərəfindən həyata keçirilir. Məhkəmə Hakimiyyəti Milli Məscid Qərargahı və müvafiq katibliklə əlaqələr qura bilər.
* Məhəllə və məscid şəbəkəsi sosial problemlərin azaldılmasında və cinayətlərin qarşısının alınmasında mühüm rol oynaya bilər.
8\. Həbsxana məsələsi
* Həbsxana həm çəkindirici təsir göstərə, həm də insanın mənəvi və sosial baxımdan zərərli mühitə düşməsinə səbəb ola bilər. Buna görə də həbsxananın mənfi təsirlərinin azaldılması üçün hərtərəfli strategiyanın hazırlanması zəruridir.
* Konstitusiyaya Nəzarət Şurasında da qəbul edilə biləcək şəri və qanuni həll yollarına diqqət yetirilməlidir.
9\. Elmi hövzə ilə Məhkəmə Hakimiyyəti arasında təlim, elmi araşdırma və təbliğat sahələrində əməkdaşlıq
* Elmi hövzə ilə Məhkəmə Hakimiyyəti arasında təlim, elmi araşdırma və təbliğat sahələrində əməkdaşlıq imkanları mövcuddur.
* Hövzə tələbələri üçün hüquq və məhkəmə fəaliyyəti sahəsində xüsusi peşə bacarıqlarının müəyyənləşdirilməsi zəruridir.
* Müasir fiqh, o cümlədən süni intellekt fiqhi sahəsindəki imkanlardan istifadə edilməlidir.
* Hakimlərin hazırlanması və məhkəmə bacarıqlarının təkmilləşdirilməsi əməkdaşlığın mühüm istiqamətlərindəndir.
10\. Məhkəmə idarəçiliyi sahəsində konsepsiyaların formalaşdırılması və yeni terminologiyanın yaradılması
* Məhkəmə idarəçiliyinin yeni konsepsiyasının formalaşdırılmasına, bu sahədə yeni terminologiya və ədəbi-elmi yanaşmanın yaradılmasına ehtiyac var.
* Bu fəaliyyət elmi və fiqhi əsaslara söykənən dəstək tələb edir. Elmi hövzə həmin konsepsiya və əsasların hazırlanmasına kömək göstərə bilər.
10 istiqamət üzrə icra təklifləri
Ölkə üzrə elmi hövzələrin rektoru çıxışının davamında Elmi hövzə ilə Məhkəmə Hakimiyyəti arasında əməkdaşlığın genişləndirilməsini vurğulayaraq 10 istiqamət üzrə strategiyaların həyata keçirilməsi və icrasına nəzarət məqsədilə konkret təkliflər irəli sürüb.
1\. Mövcud anlaşma memorandumunun çərçivəsində əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirməklə Elmi hövzə və Məhkəmə Hakimiyyəti arasında birgə əməkdaşlıq sənədinin hazırlanması.
2\. Yeni məhkəmə idarəçiliyinin elmi və fiqhi əsaslarla təmin edilməsi məqsədilə Elmi Hövzələrin Müasir Fiqh Ofisi ilə koordinasiyanın qurulması.
3\. Əməkdaşlıq istiqamətlərinin izlənilməsi məqsədilə elmi hövzə və Sistemlə Əlaqələr Mərkəzi ilə əlaqələrin yaradılması.
4\. Elmi Hövzənin təbliğat bölməsi ilə əlaqələrin qurulması.
5\. Məhkəmə Hakimiyyətinin insan resursları üçün sosial və qabaqlayıcı yanaşmaya əsaslanan hərtərəfli proqramın hazırlanması.
6\. Milli Məscid Qərargahı ilə koordinasiyanın qurulması, məhəlləəsaslı və məscidmərkəzli layihənin nəzərdən keçirilməsi.
7\. Həbsxana məsələsinin hərtərəfli araşdırılması və şəri, eləcə də qanuni həll yollarının təqdim edilməsi.
8\. Məhkəmə Hakimiyyətinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə müavinliyində tədqiqatların, elmi araşdırmaların və ictimai rəy sorğularının gücləndirilməsi.
9\. Məhkəmə sahəsində ixtisaslaşmış təlimlərin genişləndirilməsi, müasir fiqh və süni intellekt fiqhi sahəsindəki imkanlardan istifadə edilməsi.
10\. Elmi hövzə və Məhkəmə Hakimiyyəti arasında mütəmadi görüşlərin keçirilməsi və görülən işlərin gedişatı barədə hesabatların təqdim olunması.
Görüşün əvvəlində Məhkəmə Hakimiyyətinin sosial məsələlər və cinayətlərin qarşısının alınması üzrə sədr müavini doktor Məhdi Əmiri İsfəhani həzrət Zəhranın (s.ə) ağır şəhadət günləri münasibətilə başsağlığı verib, ölkənin tarixi sınaqlardan başıuca, şərəf və qüdrətlə çıxmasının vacibliyini vurğulayıb, həmçinin bu müavinliyin proqram və fəaliyyəti barədə hesabat təqdim edib.
Xəbərin sonu 313/3
Rəyiniz